Dəyəri milyon dollarlarla ölçülən şəxsi təyyarələrə hər kəs sahib ola bilmir. İmkanlı təbəqədən olan şəxslər belə kiçik təyyarələrdən  təkcə xarici səfərlər zamanı deyil,  ölkədaxili gəzintilər zamanı da yararlanırlar.
 
Azərbaycanda da şəxsi təyyarələri olanlar var. Lakin onların adları açıqlanmır.
 
Şəxsi təyyarəsi olan azərbaycanlılar onu xarici ölkələrdə saxlamağa üstünlük verirlər. Çünki şəxsi təyyarələrin saxlanılması Azərbaycanda baha başa gəlir.
 
RePost.Az-ın məlumatına görə, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə Modern.az-a açıqlamasında deyib ki, ölkəmizdə şəxsi təyyarələrin saxlanılmasına icazə verilmir.
 
"Qanunvericilik Azərbaycanda şəxsi təyyarələrin saxlanılmasına icazə vermir. Sadəcə olaraq, şəxsi təyyarələri icarəyə götürmək mümkün ola bilər. İcarə əsasında götürülən təyyarələrin uzunmüddətli, yaxud da qısamüddətli olması danışıqlardan asılı olan məsələdir. Razılıq əldə olunandan sonra bunu həyata keçirmək olar. İcarəyə götürülən təyyarələrlə ölkə üzərində uçuşlar həyata keçirmək mümkündür.
 
İcarə məqsədilə istifadə olunan təyyarələr  Heydər Əliyevadına hava limanında saxlanılır”.
 
Yeri gəlmişkən, "Knight Frank” şirkətinin ötən ay açıqlanan  "The Wealth Report-2017” adlı illik məruzəsində bildirilir ki, 2016-cı ildə Azərbaycanda 13 nəfərin adına şəxsi təyyarə olub.
 
RePost.Az

Baxış sayı: 3561 | Tarix: 12.04.2017
Bizi Telegramda izləyin: @repostaz