Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.
 
Fövqəladə Hallar Nazirliyindən RePost.Az-a verilən məlumata görə, aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.
 
Məlumatda bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.
 
Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
 
Xalq artistinin yaşadığı binanın nəzarətçisinin dediyinə görə, Zərnigar xanım qapalı həyat tərzi keçirirmiş. "Biz indiyə kimi heç vaxt onun qapısına getməmişik. O, bu binanın 3-cü mərtəbəsində yaşayırdı. Evdə olub-olmamasını işıqların yanıb-sönməsi ilə təyin edirdik. Kommunal borcları da 2 ay əvvəldən ödəyirdi ki, qapısına getməyək. Dünən gördüm ki, mənzilinin işıqları yanmır. Qapısına getdik, döydük açmadı. Artıq gec idi, ürək tutmasından keçinmişdi".
 
Aktrisanın qonşuları da ondan xəbərsiz olublar:
 
"Zərnigar xanım böyük sənətkar idi. Təkcə biz bilirdik ki, o, bu binada yaşayır. Bizimlə əlaqəsi yox idi, amma yaxşı insan idi. Qış ayı olanda, demək olar ki, həyətə çıxmırdı. Həyətə çıxanda isə salamlaşıb, görüşürdü. Sənət yoldaşlarından təkcə Məleykə Əsədovanı yanına gələn görmüşük. O da axır vaxtlar gəlmirdi. Bu da, yəqin ki, Zərnigar xanımın xasiyyətindən irəli gəlirdi. O, hətta qohumlarını da evinə buraxmırdı".
 
Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aiddiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib.
 
Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.
 
RePost.Az

Baxış sayı: 3314 | Tarix: 09.02.2018
Bizi Telegramda izləyin: @repostaz