Sumqayıt şəhərində, 5-ci məhəllə, ev 1811 ünvanındakı binanın zirzəmisində yaşayan ailənin təxmin edildiyi kimi dəm qazından boğularaq ölməsinə dair bəzi yeni təfərrüatlar məlum olub. 

RePost.Az virtualaz.orga istinadən xəbər verir ki, qonşuların dediyinə görə faciəli şəkildə ölənlər əvvəl KİV-lərin bildirdiyi kimi məcburi köçkün ailəsi deyil. Ailədə təkcə qadın Füzuli rayonundan məcburi köçkündür.

Yaxınlıqda yaşayanların bildirdiyinə görə ailə bir neçə ay əvvəl bu binanın zirzəmisində məskunlaşıb. Onlar əvvəllər Xəzər bağlar massivində yaşayıblar və evlərini sataraq həmin zirzəmidə məskunlaşıblar. Ailənin qonşulardan heç kimlə münasibətləri olmayıb.



Ümumiyyətlə, 5-ci məhəllədə demək olar ki, əksər çoxmərtəbəli binaların zirzəmisində yaşayış var. Zirzəmi-mənzillərə qaz çəkilib, sakinlər istilik üçün “ceyran peçi” kimi tanınan çuqun sobadan istifadə edir. Bu zirzəmi-mənzillərdə əsasən kirayənişinlər məskunlaşıblar.

Qonşuların bildirdiyinə görə onlar ailənin faciəli şəkildə məhv olmasından dərhal xəbər tutmayıblar. Çünki evdə televizorun səsi gəlirmiş və işıqlar yanırmış. Bu səbəbdən qonşular heç nədən şübhələnməyiblər.


 

Yalnız ailənin yaşadığı zirzəmidən kəskin iyin gəlməyə başlamasından sonra qonşular “JEK”ə müraciət ediblər. “JEK” işçiləri polislərin müşaiyəti ilə zirzəmiyə baxış keçirəndə dəhşətli faciə üzə çıxıb. Məlum olub ki, ailənin başçısı-1961-ci il təvəllüdlü Rafiq Hüseynov hamamda boğulub ölüb. Onun həyat yoldaşı Hüseynova Yeganənin meyiti qapının ağzında tapılıb. Ehtimal ki, qadın dəm qazından xilas olmağa çalışıb və qapını açmaq istərkən keçinib. Hüseynovların qızı, üç azyaşlı uşağı ilə birlikdə valideyinləri ilə zirzəmidə məskunlaşan Hüseynova Sara və uşaqlarının meyitləri isə yataqda aşkarlanıb.




Zirzəmi-mənzildə dəm qazının hamamda quraşdırılmış su qızdırıcısından yarandığı təxmin edilir. Çünki içəridə qaz sobası aşkarlanmayıb. Ailənin günlər əvvəl boğulub öldüyü təxmin edilir. Belə ki, təxminən 3 gün əvvəldən yaxınlıqda yaşayanlar, habelə küçədən keçənlər oradan çürümüş meyit iyinə xas kəskin iy hiss etməyə başlayıblar. Meyitlər ötən gün çıxarılıb morqa aparılsa da hazırda da ətrafdan kəskin iy çəkilməyib.

Əməkdaşımız xəbər verir ki, hazırda prokurorluq işçiləri zirzəmi-mənzilin qapısını möhürləyib. İçəridə və ətraf ərazidə dezinfeksiya işləri aparılır. Heç kim, o cümlədən ailənin yaxınları içəri buraxılmır.



Bununla belə mənzilə girən “JEK” işçilərindən biri deyib ki, ailə zirzəmidə məskunlaşsa da orada şərait elə də pis olmayıb. Otaqlar normal təmirli imiş və məişət şəraiti yaşayış üçün münasib imiş.

RePost.Az


Baxış sayı: 2364 | Tarix: 05.03.2018
Bizi Telegramda izləyin: @repostaz