Azərbaycan Milli İstiqlal Partiyası güney azərbaycanlı tanınmış fəal Abbas Lisaninin həbsinə etiraz olaraq bəyanat yayıb. 
 
Bəyanatda deyilir: 
 
Abbas Lisani haqqında çıxarılmış hökm və ona qarşı irəli sürülən ittihamlar əsassız, ədalətsiz və quramadır. Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib.
 
Hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən iyulun 8-də fəalın vəkilinə elan olunub. Hökmə əsasən o, 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum olunub. Ərdəbil dadistanının müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək”, “milli təhlükəsizliyə qarşı cəhd göstərmək”, “qanunsuz qrup yaratmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” kimi ağır ittihamlar irəli sürmüşdü.
 
Azərbaycan Milli İstiqlal Partiyası Abbas Lisani haqqında çıxarılmış hökmü və ona qarşı irəli sürülən ittihamları əsassız, ədalətsiz və qurama hesab edərək, buna qəti etirazını bildirir. İran rejimi milli-mədəni fəal Abbas Lisanini bu cür sərt cəzalandırmaqla Güneyli soydaşlarımızı qorxu və təzyiq altında saxlamaq, onların milli-oyanış ruhunu sındırmaq və haqq səsini boğmaq məqsədi güdür.
 
Lakin tarixi təcrübə dəfələrlə sübut edib ki, İran rejimi belə üsullarla çoxmilyonlu Azərbaycan türkünün azadlıq, istiqlal və hürriyyət ruhunu, onun mübarizə əzmini sındırmaq mümkün deyil, buna da müyəssər ola bilməyib.
 
AMİP Azərbaycan və mütərəqqi dünya ictimaiyyətini Abbas Lisaninin timsalında İranda yaşayan milyonlarla soydaşımızın fundamental hüquqlarının kobud surətdə rejim tərəfindən mütəmadi pozulmasına seyrçi yanaşmamağa, haqqın və demokratiyanın yanında olmağa çağırır. İrandan tələb olunsun ki, özünün repressiv və assimliyasiya siyasətinə son qoysun və Abbas Lisani də daxil olmaqla bütün siyasi, milli-mədəni fəallar dərhal azadlığı buraxılsın, onlara və onların ailələrinə qarşı basqılar dayandırılsın.
 
RePost.Az
 

Baxış sayı: 1456