Elmi araşdırmalar Türkiyənin şərqində yerləşən Van gölündən Urmu gölünə su kanalı çəkməyin mümkün olduğunu göstərir. Bu barədə İran Ətraf Mühit Təşkilatının rəisi İsa Kəlantəri Anadolu xəbər agentliyinə müsahibəsində deyib.
 
RePost.Az-ın məlumatına görə, İsa Kəlantəri bildirib ki, araşdırmalar və Türkiyə tərəfi ilə aparılan müzakirələr Van gölündən Urmu gölünə su transfer etməyin mümkün olduğunu göstərir. Van gölünün suyu Urmu gölünü qurumaq təhlükəsindən qurtara bilər. Van gölü, Urmu gölünə nisbətən 450 metr yüksəklikdə yerləşir. İki gölün arasında sadəcə 265 kilometr məsafə var.
 
Onun sözlərinə görə, hazırda Van gölündə suyun səviyyəsi artıb. Gölün dərinliyi 350 metrdən çoxdur. Bu vəziyyət hətta gölün dibində yaşayan canlıların həyatı üçün təhlükə yaradır.
 
Ankara ilə müzakirələrin davam etdiyini bildirən Kəlantəri vurğulayıb ki, bu zəmində hələ bir neçə elmi suala cavab verilməlidir. Danışıqlar yekunlaşdıqdan sonra hər il 1 milyarddan 2 milyard kubmetrə qədər su Urmu gölünə axıdıla bilər.
 

Baxış sayı: 3409 | Tarix: 14.08.2019
Bizi Telegramda izləyin: @repostaz