İndeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunmalıdır.

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, əmək pensiyalarının indeksləşdirilməsi haqqında "Azərbaycan Respublikası prezidentinin sərəncamına görə, bütün növ əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq 16,6 faiz, fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə müvafiq surətdə 2,6 faiz artımla indeksləşdirilb:

"Beləliklə, hazırda pensiya alanların böyük əskəriyyətinin pensiya məbləği bu il yanvarın 1-dən 16,6 faiz artacaq. Bu ilə qədər 200 manat pensiya alanlar 233,2 manat, 250 manat pensya alanlar 291,5 manat, 300 manat pensiya alanlar 349,8 manat, 350 manat pensiya alanlar 408,1 manat, 400 manat pensiya alanlar isə 466,4 manat alacaqlar.
Bununla yanaşı, pensiya almayan, lakin fərdi hesabında sığorta ödənişləri hesabına yığım edənlərin ötən il yığılmış pensiya kapitalı da 2,6 faiz artımla indeksləşdiriləcək. Bunu təqdir etməklə yanaşı, təklif edirəm ki, indeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun".

Ekspert deyib ki, buna büdcədənkənar mənbələr hesabına formalaşmış maliyyə vəsaitləri də imkan verir:

"Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin son açıqlamasına görə, ötən il qeyri-rəsmi məşğulluğun leqallaşması sayəsində iqtisadiyyat üzrə əmək haqqı fondunda 42 faiz və ya 3 milyard manat artım olub.

Mövcud qanunvericiliyə görə, bu artımdan ən çox pay götürən Sosial Müdafiə Fondu olduğundan sosial müavinətlərin və təqaüdlərin də orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi mümkündür. Odur ki, nə qədər gec deyil, müvafiq qanunvericilikdə dəyişiklik edib, sosial müavinətlər və təqaüdlərin də indeksləşdirilməsi aparılmalıdır".


Baxış sayı: 1141