Sosial şəbəkələrdə Qobu qəsəbəsində sahibsiz itin azyaşlıya xəsarət yetirməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.