Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
 
Bu gün Gəncə Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.
 
Prosesdə Alimpaşa Məmmədov məhkəmədən işə obyektiv baxmağı xahiş edib. O, səhhətində problemlər yarandığını, ürək əməliyyatı olunacağını qeyd edib.
 
Prosesdə A. Məmmədovun vəkili cinayət işi üzrə “Azfarel”in satışından qalan 2 milyon manatın 678 min manatının apellyasiya şikayəti icraata götürüləndən sonrakı müddətdə şirkətin sahibinə ödəndiyini deyib. Həmin məbləğ dövlət büdcəsinə köçürülüb.
 
Baxış iclası sentyabrın 6-na təyin olunub.
 
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Məhkəmənin hökmü ilə sabiq icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.
 
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
 
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Baxış sayı: 9451 | Tarix: 16.08.2024
Bizi Telegramda izləyin: @repostaz