Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında nümayiş etdirilən kommunal təsərrüfat texnikası ilə tanış olublar.
 
"APA-Economics" xəbər verir ki, nümayiş etdirilən texnika Belarus hökuməti adından Ağdama hədiyyə olunub.
 
Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb. Parkın prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi, ət və süd məhsulları, yem, gübrə istehsalı, o cümlədən xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s. daxildir.
 
Parkın sahəsi 190 hektardır, ərazinin 70%-dən çoxu artıq sahibkarların sərəncamına verilib. Yeni yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı qeydiyyatdan keçən sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir.
 
Hazırda Parkda 27 sahibkarlıq subyekti rezident, daha 5-i isə qeyri-rezident kimi qeydiyyata alınıb. Qeydə alınmış 32 layihə əsasında Parka 148 milyon ABŞ dollarından çox investisiya yatırılacağı və 2 100-dən çox iş yerinin yaradılması gözlənilir. İnvestorlar artıq 66 milyon dollar sərmayə qoyub, əsasən Ağdam və ətraf rayonların sakinləri üçün 649 daimi iş yeri yaradıblar.
 
Parkda 9 müəssisə fəaliyyət göstərir və onlar tərəfindən indiyədək 50 milyon dollarlıq məhsul satılıb, bu ilin birinci rübdə isə 37 milyon dollara yaxın dəyərində məhsul istehsal olunub
 
Hazırda 10-dan çox yeni müəssisə tikilir, o cümlədən bir neçə yeni zavodun işə salınması planlaşdırılır. Parkda əlverişli biznes mühiti yaradılıb. Sahibkarlar əlavə texniki şərtlər əldə etmədən dövlət hesabına hazır infrastrukturdan istifadə etməklə layihələr həyata keçirə bilərlər.
 
Rezidentlər 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərini ödəməkdən, habelə istehsal avadanlıqları və mexanizmləri idxal edərkən ƏDV və gömrük rüsumlarını ödəməkdən azaddırlar. Bundan başqa əlavə güzəştlər nəzərdə tutulur: sosial sığortaya subsidiyalar, kommunal xidmətlərə 20% endirim, ƏDV-dən və bir sıra xammal və materialların idxalına görə rüsumlardan tam azad olunma (Nazirlər Kabineti tərəfindən təsdiq edilən), güzəştli bank kreditləri və s.

Baxış sayı: 274 | Tarix: 06.05.2025
Bizi Telegramda izləyin: @repostaz